CAVAD XAN ZİRVƏSİ
CAVAD XAN ZİRVƏSİCavad Xan Zirvəsi hündürlüyü 2000 metrdən çox olan zirvələr içində Gəncəyə ən yaxın olan zirvədir.

Cavad Xan Zirvəsinin hündürlüyü 2109 metr təşkil edir.

Zirvə Kiçik Qafqazın Pand dağ silsiləsində yerləşir. Bu dağ silsiləsi Murovdağ silsiləsində yerləşən Koroğlu zirvəsindən ayrılır və Kürəkçayla Gəncəçay hövzələrinin suayrıcı rolunu oynayır.

Cavad Xan Zirvəsi tarixi Gəncə xanlığının Kürəkbasan nahiyəsində, ənənəvi xan yaylaqlarının ən hündür zirvəsində yerləşir.

CAVAD XAN ZİRVƏSİCavad Xan Zirvəsindən dörd bir yana valehedici mənzərələr açılır- Gəncə və yaxın Gəncəbasar sanki ovcunun içindəki kimi görsənir, buradan Hacıkəndi və Kəpəzi, Qoşqar və Murovdağ silsiləsini qeyri adi rakursdan seyr etmək olar.


Tarixi irsimizə laqeyd qalmayan onlarla insanın dəstəyi sayəsində zirvədə 2016-cı ilin yay aylarında millətimizin qeyrət rəmzi olan qəhrəman Cavad Xanın kiçik də olsa bir abidəsi ucaldıldı.

Avqustun 28-də abidənin simvolik açılışı edildi və üçrəngli istiqlal bayrağımız zirvədə dalğalandırıldı.



CAVAD XAN ZİRVƏSİCavad xan Zirvəsində ucaldılan abidənin müəllifi gəncəli memar Asəf Həsənovdur.

Qeyri-adi tərzdə düşünülmüş bu abidənin əsas konstruktiv hissəsi xüsusi üslubla dəmirdən kəsildiyindən, 60%-dan artıq şəffaflığına nail olunub.

Bu xüsusiyyətinə görə abidə çox "yüngül" və şəffaf görsənir, və onun üzərindən baxanda ətrafa möhtəşəm mənzərələr açılmış olur.


CAVAD XAN ZİRVƏSİAbidəyə müəyyən dekorativ elementlər artırılıb ki, bunlar Gəncənin rəmzi gerbi, Cavad xanın qılıncı və xan ordusunu simvolizə edən nizəli dəmir hasardır. Kompozisiyanın yanında üçrəngli istiqlal bayrağımızın dalğalanması üçün bayraq qülləsi quraşdırılıb.



Abidənin postamenti Azərbaycanın əksər zirvələri üçün ənənəvi daşlardan yığılan "pirlər" üslubunda düzəldilib və bu səbəbdən abidənin zirvədə təbii görsənilməsinə nail olunub.