“Gəncə xanlarının nəsil şəçərəsi”nin təqdimat mərasimi keçirilib
“Gəncə xanlarının nəsil şəçərəsi”nin təqdimat mərasimi keçirilib“Cavadxan” Tarix və Mədəniyyət Fondu tərəfindən “Gəncə xanlarının nəsil şəcərəsi”nin təqdimat mərasimi keçirilib.

Ölkənin çoxsaylı elm və mədəniyyət xadimlərinin, millət vəkillərinin iştirak etdiyi tədbiri açan Fondun I vitse-prezidenti, professor Ramiz Hümbətov 1804-cü ilin yanvarında Çar Rusiyasının qoşunlarının Gəncəni işğal etmək məqsədilə hücumu zamanı Cavadxanın nümayiş etdirdiyi mərdlik və rəşadətin gəncəlilər və bütün Azərbaycan xalqı üçün nümunə olduğunu, hətta düşmən ordusunun generallarının Cavadxanın şəxsiyyətinə hörmət və ehtiram bəslədiklərini qeyd edib, onun nəvələri İsmayıl xan və Adil xan Ziyadxanovların Azərbaycan Demokratik Respublikasının dövlət orqanlarında xidmətindən bəhs edib.

“Cavadxan” Tarix və Mədəniyyət Fondunun fəaliyyətindən danışan professor Ramiz Hümbətov bu qurumun 6 il əvvəl Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə təsis edildiyini və ötən illərdə bir sıra uğurlara imza atdığını vurğulayıb, Fondun tarixi arxivlərdə tədqiqatlar təşkil etdiyi, bir neçə kitab, o cümlədən Gəncə üsyanına həsr edilmiş kitabın nəşrinə və “Xalq Cümhuriyyəti liderlərinin Gəncədə qarşılanması” adlı rəsm əsərinə sponsorluq etdiyi haqda məlumatlar verib.

Daha sonra fondun təsisçisi və “Gəncə xanlarının nəsil şəcərəsi”nin müəlliflərindən biri, İsmayıl xan Ziyadxanovun nəticəsi İmran Ziyadlı şəcərəni mərasim iştirakçılarına təqdim edib, bu əsərin üzərində atası Valid Ziyadlı ilə 30 ildən artıq müddətdə axtarışlar apardıqlarını, şəcərənin 1740-cı ildən Şahverdixan Qacarın hökmranlığı dövründən indiyəqərki dövrü əhatə etdiyini və onun Müəlliflik Hüququ üzrə Dövlət Agentliyində əqli mülkiyyət kimi qeydə alındığını söyləyib. O, şəcərənin Gəncə Tarix Muzeyinə hədiyyə ediləcəyini qeyd etmişdir.

Mərasimdə çıxış edən elm və mədəniyyət xadimləri - professorlar Fuad Məmmədov, Etibar Babayev, Həsənbala Sadıxov, Qəzənfər Paşayev, fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, jurnalist İsmayıl Umudlu və başqaları şəcərənin ərsəyə gəlməsini dövlət başçısı İlham Əliyevin, millət vəkili Mehriban xanım Əliyevanın tarixi irsimizin öyrənilməsinə diqqət və qayğısı, Cavadxanın şəxsiyyətinə və tarixdəki roluna hörmət və ehtiram kimi dəyərləndirib, bu hadisənin “Cavadxan” Tarix və Mədəniyyət Fondunun uğurlu layihəsi olduğunu qeyd ediblər.

Tədbirin sonunda mərasim iştirakçıları Fondun təsisçisi və prezidenti, Cavadxanın kötücəsi Vahid Cavad oğlu Ziyadlını 75 illik yubileyi münasibətilə təbrik ediblər. Tədbir zamanı salonda Gəncə hadisələrinə, Cavadxana və Fondun fəaliyyətinə həsr olunmuş materiallar nümayiş etdirilib.